Xarici dili tək öyrənmək, müəllimsiz öyrənmək mümkündür? Bu sualın cavabı olaraq sizinlə 2 kateqoriya xarici dili özü öyrənən tələbələrdən misal gətirmək istəyərdik.
1. Tələbə dili xaricilərlə danışaraq öz ölkəsində öyrənib.
2. Tələbə kitablarla və filmlərə baxaraq dili öyrənib.
Birinci kateqoriyada olan tələbələr çulunu sudan çıxarda bilirlər. Xarici dil səviyyələri xaricilərin onları anlamağına bir-təhər yetəcək qədər olur. Dil baryerləri olmur amma dil daşıyıcılarını başa düşməkdə və bədii ədəbiyyat oxumaqda çətinlik çəkirlər. Dil səviyyələri yalnız səyahət üçün yetərlidir.
İkinci kateqoriyada olan insanlar isə birinci kateqoriyadan fərqli olaraq bədii ədəbiyyatı daha rahat anlayırlar, dinləmələrində problem olmur. Dil daşıyıcılarını rahat başa düşürlər. Lakin nitqləri səlist olmur. Çox sadə cümlələrdə kobud qrammatik və tələffüz səhvləri edirlər.
Bir də 3-cü kateqoriya var. Bu kateqoriyada olan tələbələr doğurdan da dili öz ölkələrindən çıxmadan səlist öyrənə biliblər. Bu tələbələr adətən artıq 2-3 xarici dil bilirlər. Minimum 2 dil onların doğma dilidir. Bununla yanaşı bu cür insanlar çox əzmkar olurlar və gündə minimum 2-3 saat bu dilə sərf edirlər. Müxtəlif metodikalarla dili sistematik olaraq ara vermədən öyrənirlər. Bununla yanaşı xaricilərlə mütamadi olaraq ünsiyyətdə olurlar.